Çərşənbə, 15 May

"İrəvana sülh ilə qayıdacağıq!" - millət vəkili

image

“Qərbi Azərbaycan məsələsi Qarabağ məsələsi kimi ümummilli məsələdir. Necə ki, Qarabağ bütün Azərbaycan birləşdirdi, Qərbi Azərbaycan məsələsi də bütün Azərbaycanı birləşdirir”.

Xəbər verilir ki, bu fikirləri millət vəkili Kamal Cəfərov Qərbi Azərbaycan İcmasının fəaliyyətini, görüləcək işləri şərh edərkən bildirib. O, qeyd edib ki, bütün beynəlxalq konvensiyalar qərbi azərbaycanlıların hüquqlarını tanıyır:

“Biz də öz dədə-baba torpaqlarımıza qayıtmaq, Basarkeçərdə yenidən yaşamaq istəyirik. Bütün beynəlxalq konvensiyalar da bizim bu hüquqlarımızı tanıyır. Qərbi Azərbaycanın İcmasının yaradılması Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən bu sahədə konseptual olaraq həyata keçirilmiş ilk mühüm addımdır. Bundan sonra da Qərbi Azərbaycan icmasının Azərbaycan dövlətinin milli maraqlarına cavab verən səmərəli fəaliyyəti üçün işçi qrup yaradılıb, yeni konsepsiya hazırlanır. Bundan sonra hər bir vətəndaş məhz o sənədə istinad edib fəaliyyət göstərməlidir çünki bu məsələdə vahid koordinasiya, beynəlxalq istiqamətdə real praktiki iş olmalıdır”.

K.Cəfərov prezident İlham Əliyevin qərbi azərbaycanlılarla görüşdə dediyi fikirlərə istinad edərək bildirib ki, Qərbi Azərbaycan ərazisi ilə bağlı XX əsrin əvvəlində verilən qərar qanunsuz idi: “Həm Milli Məclisin gənc deputatı, həm də Qərbi Azərbaycan İcmasının üzvü olaraq bildirmək istəyirəm ki, çox təəssüf ki, 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti bizim dədə-baba torpaqlarımızı Ermənistana hədiyyə edib. Biz bunu xəyanət hesab edirik. Bilirsiniz, torpaq uğrunda mübarizə aparmaq olar, torpağı geri qaytarmaq olar, hətta müharibədə torpağı itirmək də olur ancaq torpaq üzərindən alver etmək olmaz.

Ən azından bu hüquq prinsiplərinə ziddir. Cari Konstitusiyamızda dövlət sərhədlərinin dəyişdirilməsi referendumla, xalqın iradəsi ilə həll edilir. Başa düşürəm ki, həssas zaman olub və sərhədlərin dəyişdirilməsi ilə bağlı hüquqi sənəd mövcud olmayıb ancaq Azərbaycan Xalq Cümhuriyyətini quran şəxslər arasında hüquqşünaslar da olub. Onların İrəvanda yaşayan xalqımızın nümayəndələrinin rəyini almadan, onlarla müzakirə etmədən bu cür qərar qəbul etməsi həm də qanunsuzdur. Milli Şuranın İrəvandan olan üzvləri Mir Hidayət Seyidov, Bağır Rzayev və N.Nərimanbəyov İrəvanın Ermənistana güzəştə gedilməsi ilə bağlı həmin ərazidə yaşayan vətəndaşların adından məktubla Milli Şuraya müraciət ediblər, Milli Şuranın qərarına qəti etiraz ediblər. İrəvanın Ermənistana hədiyyə verilməsinin əleyhinə səs verən 3 üzv da onlar olub. Milli Şura isə İrəvanda yaşayan vətəndaşlarımızın etiraz müraciətini heç müzakirə də etməyib, sadəcə işə alıblar (iclas protokoluna daxil ediblər). Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının 1 iyun 1918-ci il tarixli sayca 3-cü, Tiflis Canişin Sarayında baş tutan iclasında Bağır bəy Rzayev İrəvana göndəriləcək nümayəndə heyəti ilə bağlı müzakirələrdə belə bir fikir bildirib: “Mən əminəm ki, İrəvan quberniyasına sizlərdən heç kim getməyəcək. Oraya biz İrəvanlılar-mən və Seyidov gedəcəyik. Sizdən bir xahiş edirik: Öz Azərbaycanınızın müstəqilliyini təmin edib, bizi-Ermənistan Respublikasının ərazisində qalanları yaddan çıxarmayın”.

Bir il sonra Bağır bəy Parlamentin 1919-ci il 17 iyun tarixli iclasında bildirib ki, bir il əvvəl İrəvanda 22 min müsəlman yaşayırdı, onlar oradan qovulandan sonra bəziləri tək-tək şəhərə geri qayıdıb, öz evlərinin və əşyalarının dağıdılmış olmasını görüblər. Bunlar tarixi faktlardır”.

Millət vəkili həmçinin, qeyd etdi ki, bəzi müxalifət liderlərinin baş verənləri dəstəkləməsinə baxmayaraq, azərbaycanlıların doğma ərazilərə qayıtmasının qarşısını almaq mümkün deyil: “Bəzi vaxtlarda Əli Kərimli, Cəmil Həsənli və digərləri bizim dədə-baba torpaqlarımızın Ermənistana verilməsinə haqq qazandırırlar. Bildirmək istəyirəm ki, onların bizim adımızdan danışmaq hüququ yoxdur. Qərbi Azərbaycan icması onlara nifrət edir, Azərbaycan xalqı onlara nifrət edir. Bizim İrəvana sülh ilə qayıtmağımızın qarşısını heç bir güc ala bilməz.

Azərbaycan Prezidentinin öz ad günündə Qərbi Azərbaycan icması ilə görüşü də bu niyyətin nə dərəcədə səmimi və yüksək siyasi prioritetə malik olmasını göstərir. Biz öz dədə-baba torpaqlarımıza qayıdacağıq, orada yaşayacağıq. Cənab Prezidentin doğum gününü də Göyçə gölünün sahilində qeyd edəcəyik”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00